Reklam
Reklam

Tarix terminləri lüğəti

savromatlar

yun. Sauromatai

E.ə. VII–IV əsrlərdə Volqa-Uralboyu çöllərdə məskunlaşmış köçəri tayfalar.

S.-ın skiflərə və saklara qohum olduğu ehtimal edilir. E.ə. V əsrin sonu – IV əsrdə onların ayrı-ayrı qrupları skifləri qərbə doğru sıxışdıraraq Don çayını keçiblər. E.ə. IV–III əsrlərdə S.-ın yeni tayfa ittifaqı formalaşıb, Şərqdən gəlmiş bir sıra qohum tayfalar da bu ittifaqa daxil olub. E.ə. III əsrdən başlayaraq S. tarixi qaynaqlarda sarmatlar adı altında göstərilir.

Tarix terminləri lüğəti

seçki sistemi

Nümayəndəli orqanların təşkili və vətəndaşların öz seçki hüquqlarını həyata keçirməsi qaydası.

Bu sistem seçki hüququ normaları ilə tənzimlənir. Seçkilər birbaşa, yaxud dolayı, çoxpilləli olur. Birbaşa seçkilərdə dövlət başçısı və ya nümayəndəli orqan üzvlərini bilavasitə vətəndaşlar seçir, çoxpilləli seçkilərdə isə onlar əhalinin əvvəlcədən səsvermə yolu ilə müəyyənləşdirdiyi şəxslər (seçkiçilər) tərəfindən seçilir. Dünyanın əksər ölkələrində birbaşa, yalnız bəzi dövlətlərdə (məs.: ABŞ, Hindistan və Fransada) dolayı S.S. tətbiq edilir. Majoritar və proporsional S.S.-lərini fərqləndirirlər. Proporsional S.S.-ndə nümayəndəli orqanlardakı yerlər hər bir siyasi partiya və ya koalisiyanın seçkilərdə topladığı səslərin ümumi həcminə uyğun (proporsional) olaraq bölünür. Majoritar S.S.-ndə isə konkret seçki dairəsində səslərin əksəriyyətini toplamış namizəd qalib sayılır. Bəzi ölkələrdə qarışıq sistem tətbiq olunur: parlamentin bir hissəsi majoritar, digər hissəsi isə proporsional seçki yolu ilə formalaşdırılır.

Tarix terminləri lüğəti

selibat

lat. caelibatus – kişi nikahsızlığı < caelebs – subay kişi

Katolik ruhanilərin məcburi nikahsızlığı.

Erkən orta əsrlərdə Roma papalarının S. haqqında dekretləri olsa da, onlar faktiki cəhətdən yerinə yetirilməyib. Onu praktikada yalnız XIII əsrin ortalarında təmin etmək mümkün olub. Katolik kilsəsi S.-dan kilsə torpaq sahibliyinin qorunması məqsədilə istifadə edib. Belə ki, S. torpaqların katolik ruhanilərin varisləri arasında bölünməsinin qarşısını alıb. XX əsrdə bu məhdudiyyəti aradan qaldırmaq üçün bəzi cəhdlər göstərilib, lakin 1967-ci ildə Roma papası S.-ın toxunulmazlığını və “müqəddəsliyini” yenidən təsbit edib. Protestantlıq, ümumiyyətlə, S.-ı tanımır, pravoslavlıqda isə o yalnız rahiblərə şamil olunur.

Tarix terminləri lüğəti

senat

lat. senatus < senex – qoca

1. Qədim Romada ali dövlət orqanlarından biri.

S. çarlıq dövrünün sonunda (e.ə. VI əsr) patrisi nəsillərinin ağsaqqallar şurası əsasında yaranıb və çarın yanında dövlət şurası funksiyasını yerinə yetirib. Respublika dövründə, e.ə. V–III əsrlərdə plebeylərpatrisilər arasında silki mübarizə nəticəsində S.-ın bəzi səlahiyyətləri ondan alınaraq komitsiyalara (xalq yığıncaqlarına) verilib. E.ə III–I əsrlərdə S. hərbi işlərə, xarici siyasətə, maliyyə sisteminə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərliyi, habelə komitsiyalarda səsverməyə çıxarılacaq qanun layihələrinin ilkin müzakirəsini həyata keçirib. Fövqəladə vəziyyətin elan edilməsi də S.-ın səlahiyyətinə daxil olub. S. üzvlərinin siyahısı (e.ə. 88-ci ilədək 300 üzv, sonra 600 üzv) senzor tərəfindən tərtib edilib. Yalnız yüksək dövlət vəzifələri (magistratura) tutan və ya tutmuş, eləcə də müəyyən əmlak senzinə malik şəxslərə bu qurumun üzvü olmaq hüququ verilib. İmperiya dövründə S.-ın səlahiyyətləri tədricən məhdudlaşdırılıb, həmin səlahiyyətlər imperatorun əlində cəmləşdirilib. Buna baxmayaraq, S. formal olaraq ali dövlət orqanlarından biri kimi qalıb.

2. Bir sıra ölkələrdə (ABŞ, Kanada, İtaliya, Fransa, Belçika və s.) parlamentin yuxarı palatası.

Bəzi ölkələrdə S. birbaşa (ABŞ, İtaliya), yaxud çoxpilləli (Fransa) seçki yolu ilə formalaşdırılır, digərlərində isə (Kanada, İordaniya) onun üzvləri dövlət başçısı tərəfindən təyin edilir.

Həmçinin bax:

Tarix terminləri lüğəti

senator

lat. senator

1. Qədim Romada senatın üzvü; e.ə. I əsrin sonundan isə həmçinin ali silkin nümayəndəsi.

S. adı ömürlük verilib; imperiya dövründə irsən keçib, yaxud imperator tərəfindən bəxş edilib.

2. Müasir dövrdə bir sıra dövlətlərdə parlamentin yuxarı palatası olan senatın üzvü.

S.-lar parlamentin aşağı palatasının deputatları ilə eyni hüquqlara malik olurlar.

Tarix terminləri lüğəti

senturion

lat. centurio – yüzlük

Qədim Roma legionunda senturiyanın başçısı.

S. ən cəsur və rəhbərlik bacarığına malik piyada, yaxud süvari döyüşçülərdən təyin olunub. Adi əsgərlərlə müqayisədə S. 2-3 dəfə çox maaş alıb.

Tarix terminləri lüğəti