Reklam
Reklam

Tarix terminləri lüğəti

mavzoley

lat. mausoleum < yun. mausoléion

Monumental qəbirüstü abidə.

M. termini Kariya çarı Mavsolun (e.ə. IV əsrin ortaları) Halikarnas şəhərindəki sərdabəsinin adı ilə bağlı yaranıb. Qədim Romada, habelə orta əsrlərdə Şərqdə belə abidələr geniş yayılıb. Müsəlman Şərqində, o cümlədən Azərbaycanda M. məqbərə və ya türbə adlanıb. XX əsrdə bəzi totalitar kommunist rejimlərində təntənəli mərasimlər zamanı M.-dən tribuna kimi istifadə edilməsi ənənəsi geniş yayılıb. Kommunist rejimlərin süqutundan sonra bu ənənəyə əksər ölkələrdə son qoyulub.

Tarix terminləri lüğəti

menşeviklər

rus. меньшинствоazlıq

Rusiya sosial-demokrat fəhlə partiyasının (RSDFP) daxilində yaranmış siyasi cərəyanın (fraksiyanın) üzvləri.

Bu termin ilkin olaraq 1903-cü ildə RSDFP-nin II qurultayında rəhbər orqanlara seçkilər məsələsində azlıqda qalmış nümayəndələr qrupuna aid edilib. M. partiyada sərt mərkəzçilik, habelə Mərkəzi Komitəyə geniş səlahiyyətlər verilməsi əleyhinə çıxıblar; çarizmə qarşı mübarizədə geniş koalisiyanın yaradılması tərəfdarı olublar, dinc mübarizə metodlarını üstün tutublar. Onların əsas liderləri L.Martov, A.Martınov, P.Akselrod olub. 1917-ci ildən M. müstəqil siyasi partiya kimi fəaliyyət göstəriblər, Fevral inqilabından sonra Müvəqqəti hökumətə dəstək veriblər, bolşeviklərin oktyabr çevrilişini isə qəbul etməyiblər. Vətəndaş müharibəsi illərində M. bolşeviklərə əks cəbhədə vuruşublar və 1924-cü ildə SSRİ ərazisində mütəşəkkil siyasi qüvvə kimi fəaliyyətlərini dayandırıblar.

Tarix terminləri lüğəti

meqrellər

meqr. Marqaleti, gür. Meqrelebi

Qədim Kolxidanın mərkəzi və dağətəyi rayonlarında, hazırda isə Rioni çayının sağ sahilində məskunlaşmış gürcülər.

Bəzi tədqiqatçılar M.-i gürcülərin subetnik qrupu sayır. M. kartli, svan və digər tayfalarla birlikdə gürcü xalqının özəyini təşkil ediblər. Onlar kartvel dil ailəsinin gürcü dilindən fərqli qrupuna daxil olan yazısız meqrel dilində (minqrel, iver) danışırlar. M. özünəməxsus mədəniyyət və məişət xüsusiyyətlərini qoruyub saxlayıblar.

Tarix terminləri lüğəti

Mayya yazısı

Mayyaların eramızın ilk əsrlərindən XVI əsrdə ispan kilsəsi tərəfindən qadağan edilənədək tətbiq olunmuş yazısı.

Bu yazı ilə üç böyük əlyazma, daş və keramika üzərində çoxlu kitabə bizim günlərədək gəlib çatıb. Lakin həmin yazıları tam oxumaq hələlik mümkün olmayıb.

Tarix terminləri lüğəti

mazdeizm

ulu tanrı Ahura Mazdanın adından

Zərdüştilikdən əvvəl, e.ə. I minilliyin ilk əsrlərindən başlayaraq Qərbi İran, Əfqanıstan və Orta Asiyada yaranmış dinlərin ümumi adı.

Bəzən yanlış olaraq M.-i zərdüştilik və məzdəkiliklə eyniləşdirirlər. Lakin müəyyən oxşarlıqlara baxmayaraq, onların fərqli cəhətləri də çoxdur; məs.: M.-də Ahura Mazda vahid Allah kimi tanınmır.

Tarix terminləri lüğəti