Reklam
Reklam

Tarix terminləri lüğəti

kilsə

lat. ecclesia – toplantı yeri

1. Xristian dinində iyerarxiya strukturuna və mərkəzləşdirilmiş idarəçiliyə əsaslanan təsisat forması.

Bu təsisat islamiudaizm dinlərinə xas deyil. Hər hansı xristian cərəyanı nümayəndələrinin ümumi toplumundan ibarət K.-lərin biri digərindən xüsusi ehkamlar və ibadət sistemi ilə fərqlənir. Hər K. cameəsi peşəkar din xadimlərinə (ruhanilərə) və sıravi dindarlara bölünür. Katolik K.-si, protestant K.-ləri (Anqlikan K.-si, lüteran K.-si, kalvinist K.-si), habelə 15 avtokefal K.-dən ibarət olan pravoslav K.-si ən böyük xristian K.-ləri sayılır.

2. Xristianlıqda ibadət etmək, müxtəlif dini ayin və mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş xüsusi tikili, məbəd.

Lüteran K.-si kirxa, polyaklarda katolik K.-si isə kostyol adlanır.

Tarix terminləri lüğəti

kimbrlər

lat. Cimbri

Yutlandiya yarımadasının şimalında məskunlaşmış qədim german tayfaları.

Bu tayfaların qarışıq mənşəyə malik olduqları güman edilir. Bəzi tədqiqatçıların fikrincə, K. Yutlandiyaya soxulmuş keltlərin yerli german tayfaları tərəfindən assimilyasiyası nəticəsində formalaşıblar. Bu səbəbdən onları kelt tayfaları hesab edənlər də var. Təqribən e.ə. 120-ci ildə cənuba doğru hərəkət edən K. romalılar üzərində bir neçə qələbə qazanıblar, lakin İspaniyaya girə bilməyiblər. Bundan sonra e.ə. 102-ci ildə Romaya hücum çəkən K. e.ə. 101-ci ildə Vertsella yaxınlığındakı döyüşdə sərkərdə Qay Mari tərəfindən məğlub ediliblər. Ehtimallara görə, K. eramızın 180-ci ilində Baltik sahilləri ilə şərqə doğru gediblər və indiki Prussiya ərazisində məskən salıblar.

Tarix terminləri lüğəti

kipu

keçua. khipu – düyün

İnklərin və onların And dağları bölgəsindəki sələflərinin hesablama sistemi, habelə informasiyanı uzaq məsafəyə çatdırma üsulu.

Bu məqsədlə lama yunundan, pambıqdan hazırlanmış müxtəlifölçülü və rəngli kəndirə, yaxud ipə müxtəlif sayda düyün vurulub. Kəndirin uzunluğunun, rənginin, üzərindəki düyünlərin hər birinin xüsusi mənası olub. Yazıya malik olmayan inklər K.-dan qanunların qeydə alınması, müxtəlif məlumatların ötürülməsi və qorunub saxlanması, gəlir və xərclərin hesablanması üçün geniş istifadə ediblər.

Tarix terminləri lüğəti

kirkirə

Dən üyütmək üçün əl ilə işlədilən alət, əl dəyirmanı.

Yastı və dairəvi formalı K. alt və üst daşdan ibarət olub. Bu alət Erkən Neolit dövründə meydana gəlib və dünyanın bir çox xalqları arasında geniş yayılıb. K. daşlarının diametri təqribən 40-50 sm, qalınlığı 7-10 sm olub. Alt daşın ortasına 8–10 sm uzunluğunda ağac və ya metal ox (çüy) bərkidilib. Üst daş həmin oxa keçirilib. Üst daşı fırlatmaq üçün onun da kənarına ağac və ya metal dəstək bərkidilib. Oyuğa tökülən dən iki daşın arasında üyüdülüb. Azərbaycanda e.ə. təqribən II minilliyə aid K.-lər aşkarlanıb. Ölkənin bəzi dağ və dağətəyi rayonlarında yarma çəkmək məqsədilə K.-dən indi də istifadə olunur.

Tarix terminləri lüğəti