Reklam
Reklam

Tarix terminləri lüğəti

ommaj

fr. hommage < lat. homo – insan

Orta əsrlərdə Qərbi Avropada vassal müqaviləsinin qüvvəyə minməsi ilə əlaqədar keçirilən mərasim.

Simvolik xarakter daşıyan belə mərasimlər hələ VII–VIII əsrlərdə keçirilsə də, terminin özü XI əsrdə yaranıb. O. mərasimi zamanı gələcək vassal silahsız, başıaçıq vəziyyətdə senyorun qarşısında diz çökərək vassallığa qəbul edilməsini ondan xahiş edib. Sonra senyor onu ayağa qaldırıb və öpüb. VIII əsrdən başlayaraq O. mərasimi həm də vassalın senyora sədaqət andı içməsi ilə müşayiət olunub.

Tarix terminləri lüğəti

onbaşı

Orta əsrlərdə bəzi Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda hərbi rütbə.

On nəfərlik dəstəyə başçılıq edən O. yüzbaşıya tabe olub və orduda ən kiçik hərbi rütbə sayılıb. XIX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra çar hökumətinin təşkil etdiyi müsəlman atlı alaylarında da O. rütbəsi mövcud olub. Hazırda Türkiyə silahlı qüvvələrində O. (çavuş) rütbəsi qalır.

Tarix terminləri lüğəti

onoqurlar

Azov dənizi sahilləri və Şimali Qafqazda V–X əsrlərdə məskunlaşmış türk tayfaları.

O. (yaxud onoğurlar) müxtəlif tayfa birliklərinə, o cümlədən hun tayfa ittifaqına daxil olublar. Terminin etimologiyası dəqiq müəyyənləşməyib. O. haqqında tarixi qaynaqlarda ilk məlumata 463-cü ildə rast gəlinir. Bu məlumat onların Bizansa elçi göndərmələri barədə olub. Həmin dövrdə sabirləravarlar tərəfindən sıxışdırılan O. Qərbi Sibirdən Şərqi Avropaya köç etmək və Bizansdan dəstək istəmək məcburiyyəti qarşısında qalmışdılar. Şərqi Avropaya köçmüş O. tədricən macarlar və bulqarlarla qaynayıb-qarışıblar, onların Qərbi Sibirdə qalan hissəsi isə uyğurların tərkibinə daxil olub.

Tarix terminləri lüğəti

opriçnina

rus. opriç – ayrı, əlahiddə

1. Qədimdə rus knyazının dul qalmış arvadına ömürlük istifadəyə verilən torpaq sahəsi.

2. 1565–1572-ci illərdə Rusiyada hökmdarın udeli (onun ərazisi, qoşunları, idarələri).

3. 1565–1572-ci illərdə rus çarı IV İvan Qroznının yeritdiyi daxili siyasətə verilmiş ad.

Bu siyasətin əsas məqsədi iri boyarların iqtisadi və siyasi qüdrətini zəiflətmək, beləliklə, mütləqiyyəti möhkəmləndirmək olub. IV İvan Qroznı dövlətin ərazisinin xeyli hissəsini öz şəxsi mülkiyyətinə – O.-ya çevirib. O.-dan kənarda qalan torpaqlar isə zemşina adlanıb və həmin ərazidə çara müxalif boyarlara, knyazlara qarşı amansız terror, edamlar və sürgünlər həyata keçirilib. Son nəticədə IV İvan Qroznıya müxalif mövqedə duran boyar və knyazların əksər hissəsi zərərsizləşdirilib.

Tarix terminləri lüğəti

oranjistlər

1. XVI əsrdə Niderland burjua inqilabı dövründə Oranlı I Vilhelmin (1533–1584) tərəfində vuruşan inqilab iştirakçıları.

Daha dar mənada isə bu termin Oranlı I Vilhelmin siyasi kursunun kalvinist zadəganlar, mühafizəkar bürgerlər və ziyalılardan ibarət sayca çox olmayan tərəfdarlarına aid edilir.

2. XVI əsrin sonu – XVIII əsrdə təxminən indiki Niderland ərazisində yerləşən Yeddi Birləşmiş Əyalət Respublikasında fəaliyyət göstərmiş siyasi qruplaşmanın üzvləri.

Onlar Oranlılar ailəsinin tərəfdarları olublar.

Tarix terminləri lüğəti

orden

alm. orden < lat. ordo – sıra, dərəcə

1. Fərqlənmə nişanı, xüsusi xidmətlərə görə mükafat.

2. Ümumi məqsəd və həyat tərzinə malik, öz aralarında əhd bağlamış bir qrup şəxsi birləşdirən təşkilat.

O. termini Qərbi Avropada XI–XII əsrlərin dini-cəngavər təşkilatları ilə əlaqədar yaranıb, ilk vaxtlar məhz “ümumi məqsəd ətrafında birləşmiş, əhd kəsmiş insanlar qrupu” anlamında işlədilib. Belə təşkilatların üzvləri sinələrində qızıl və gümüşdən hazırlanıb qiymətli daşlarla bəzədilmiş xüsusi fərqlənmə nişanları gəzdiriblər, beləliklə, yeni ənənənin əsasını qoyublar. Həmin fərqlənmə nişanlarına da O. deyilib. XIV–XVI əsrlərdə Avropa monarxları zadəganları həvəsləndirmək, mükafatlandırmaq üçün saray O.-ləri təsis etməyə başlayıblar. XVIII–XIX əsrlərdə Avropadan kənarda yerləşən dövlətlərdə – Türkiyə (1799), İran (1808), Yaponiya (1875) və Çində (1882) də oxşar fərqləndirmə nişanları təsis olunub. Azərbaycanda O. yaratmaq üçün ilk cəhd AXC (1918–1920) hökuməti tərəfindən göstərilib. Həmin dövrdə milli O.-lərin eskizləri üçün müsabiqə elan edilib. Lakin 1920-ci il aprel işğalı bu planları həyata keçirməyə imkan verməyib. XX əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk milli O.-lər təsis olunub (“İstiqlal”, “Şah İsmayıl”, “Azərbaycan bayrağı”, “Şöhrət” və s.).

Həmçinin bax:

Tarix terminləri lüğəti

ordonanslar

fr. ordonnances < ordonner – əmr etmək

1. Fransa və İngiltərədə kral fərmanları.

O.-ların tarixi Fransada XII əsrin II yarısından başlanıb, XV əsrdə isə bu fərmanlara qanun qüvvəsi vermək üçün onların parlamentdə qeydiyyatdan keçirilməsi ənənəsinin əsası qoyulub. Belə fərmanlar Böyük Fransa inqilabına kimi, sonra isə restavrasiya dövründə (1814–1830) verilib. İngiltərədə isə O. XIII əsrin II yarısında meydana çıxıb və statutla müqayisədə ikincidərəcəli əhəmiyyətə malik olub. Yalnız 1537-ci ildə İngiltərə parlamenti onların statutlara bərabər tutulması haqqında qərar qəbul edib.

2. Bir sıra dövlətlərdə (Fransa, İsveçrə, Rumıniya və s.) ali qanunverici, habelə icraedici orqanların hüquqi aktları.

Tarix terminləri lüğəti