Reklam
Reklam

Tarix terminləri lüğəti

çartizm

ing. charter – xartiya

1838–1850-ci illərdə Böyük Britaniyada fəhlələrin ilk kütləvi ictimai-siyasi hərəkatı.

Ç.-in əsas tələbləri 1838-ci ildə hazırlanmış “Xalq xartiyası”nda (People`s Charter) öz əksini tapıb. Hərəkatın adı da buradan götürülüb. Ç. tərəfdarları ölkədə dövlət quruluşunun demokratikləşməsi (ümumi seçki hüququ, gizli səsvermə, parlamentə namizədlər üçün əmlak senzinin ləğv olunması) və sosial-iqtisadi islahatlar (iş gününün qısaldılması, əməkhaqqının artırılması və s.) uğrunda mübarizə aparıblar. 1840-cı ildə ölkədə ilk kütləvi fəhlə partiyası olan Milli Çartistlər Assosiasiyası yaradılıb. Ç. 1848-ci ildən başlayaraq tədricən zəifləyib və tənəzzülə uğrayıb.

Tarix terminləri lüğəti

çex qardaşları

Taborluların məğlubiyyətindən sonra XV əsrin ortalarında meydana gəlmiş və müstəqil kilsə təşkilatına çevrilmiş çex dini sektası.

Ç.Q.-nın fəaliyyətində maarifçilik mühüm yer tutub. Onlara Bohemiya (Çexiyanın qədim adı) qardaşları, Moraviya (Çexiyanın vilayəti) qardaşları da deyiblər. 1618–1620-ci illər Çexiya üsyanının məğlubiyyətindən sonra sekta darmadağın edilib, üzvləri isə Bohemiya və Moraviyadan qovulub.

Tarix terminləri lüğəti

ÇK (çeka)

rus. чрезвычайная комиссия – «fövqəladə komissiya» sözlərinin baş hərflərinin tələffüz formasından ibarət abreviatura

Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra əks-inqilaba və sabotaja qarşı mübarizə məqsədilə yaradılmış xüsusi səlahiyyətli cəza orqanı.

1917-ci ilin dekabrında fəaliyyətə başlamış Ç., əslində, nəinki yeni rejimin düşmənlərinə, fərqli düşüncəyə malik bütün insanlara qarşı “qırmızı terror”u həyata keçirən orqana çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra təkcə 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək olan müddətdə ölkədə 48 min insan Ç.-nın qurbanı olub. Onların da əksəriyyətini ziyalılar təşkil edib. Ç. 1922-ci il fevralın 6-da ləğv olunub, onun səlahiyyətləri Rusiya Daxili İşlər Xalq Komissarlığı yanında yaradılmış Dövlət Siyasi İdarəsinə (QPU) verilib.

Tarix terminləri lüğəti

çəpərləmələr

ing. enclosures – çəpərləmə

Erkən yeni dövrdə icma torpaqları və adətlərinin Avropada zorakı yolla ləğvi forması.

Ç. klassik formada XV əsrin sonu – XIX əsrin əvvəllərində İngiltərədə tətbiq edilib, lakin belə hallara Almaniya, Niderland və Fransada da rast gəlinib. Ç.-ə XV–XVI əsrlərdə mahud sənayesinin inkişafı ilə əlaqədar yunun qiymətinin artması səbəb olub. Bu zaman lordlar icmaya aid otlaqlarla yanaşı, əkin sahələrini də kəndlilərin əlindən alaraq çəpərləyiblər. Onlar bu sahələri qoyunçuluğun daha da inkişaf etdirilməsi məqsədilə özləri istifadə edib, ya da fermerlərə icarəyə veriblər. İngilis kəndlilərinin əksəriyyətinin əkin sahələri üzərində mülkiyyət hüququ olmadığından onlar Ç. prosesində əmək alətləri, ev və torpaqlarını itirərək səfillərə çevriliblər. «Qoyunlar adamları yeyir» ifadəsi də bu dönəmdə yaranıb. Ç. kənd əhalisinin sosial tərkibini kəskin şəkildə dəyişərək kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişafına təkan verib: feodallar kapitalist tipli lendlordlara çevriliblər, burjuaziya isə müflis olmuş kəndlilərin simasında ucuz işçi qüvvəsi əldə edib.

Tarix terminləri lüğəti