Reklam
Reklam

Tarix terminləri lüğəti

hacib

ər. hacaba – hərfi mənası: kiminsə bir yerə girməsinə mane olmaq; qapıçı, xidmətçi

Orta əsrlərdə bütün müsəlman Şərqində hökmdarın sarayında ən yüksək vəzifələrdən biri.

Bu vəzifə VII əsrdə Ərəb xilafətinin ilk dönəmlərində yaranıb. Öncə yalnız sarayın mühafizəsi, xəlifənin şikayətçilərlə görüşlərinin və müxtəlif mərasimlərin təşkili ilə məşğul olan H.-in səlahiyyətləri sonralar genişlənib. O, faktik olaraq dövlətin idarəçilik aparatının rəhbərinə çevrilib. Bu səbəbdən bir çox hallarda H. termini “vəzir” sözünün sinonimi kimi də işlənib. Orta əsrlərin sonuna qədər H.-lər müsəlman hökmdarlarının saraylarında böyük nüfuza malik olublar. Atabəy Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvan bir müddət Səlcuq sultanı Arslanşahın H.-i olub. Məşhur tarixçi və dövlət xadimi İbn Həldun (XIV əsr) da H. vəzifəsini icra edib.

Tarix terminləri lüğəti

Hanza

alm. hanse – ittifaq, yoldaşlıq

XIV–XVI əsrlərdə Lübek şəhəri başda olmaqla şimali alman şəhərlərinin ticari və siyasi ittifaqı.

XIV əsrin II yarısı – XV əsrin əvvəlində H.-ya təqribən 100 şəhər, o cümlədən Tallin, Tartu, Riqa daxil olub. Alman cəngavər ordenlərinin hərbi qüvvəsinə arxalanan H. Şimali Avropada ticarət sahəsində hegemonluq edib, habelə Qərbi və Şərqi Avropa, qismən də Aralıq dənizi rayonları arasında ticarət münasibətlərində vasitəçi rol oynayıb. XV əsrin sonundan tənəzzül dövrünü yaşayan H. formal olaraq 1669-cu ilədək mövcud olub.

Tarix terminləri lüğəti

Hammurapi qanunları

Babilistan hökmdarı Hammurapi tərəfindən təqribən e.ə. 1760-cı ildə hazırlanmış qanunlar külliyyatı.

Dünyada ən qədim hüquqi abidələrdən biri sayılan H.Q. xarici elmi ədəbiyyatda Hammurapi kodeksi də adlanır. H.Q.-nın konusvarı bazalt sütun üzərində mixi yazısı ilə həkk edilmiş orijinal mətni 1901–1902-ci illərdə Suzda (İran) aparılan arxeoloji qazıntılar zamanı aşkarlanıb və hazırda Parisdə Luvr muzeyində saxlanır. Bu qanunlar giriş, 282 maddə və epiloqdan ibarət olub; maddələr mövzular üzrə qruplaşdırılıb: proses, mülkiyyət, hökmdar xidməti, nikah və ailə, öhdəliklər və s. Hər mövzu həm cinayət hüququ, həm də mülki hüquq baxımından şərh edilib. Hüququn subyekti kimi yalnız azad icma üzvləri və hökmdar xidmətində olan qismən azad şəxslər tanınıblar. Qullar və uşaqlar isə hüququn obyekti hesab olunublar. H.Q. Babilistan cəmiyyətinin öyrənilməsi sahəsində qiymətli mənbə sayılır. Onlar qədim dövrdə Ön Asiyada qanunvericilik aktlarının yaradılmasına böyük təsir göstərib.

Tarix terminləri lüğəti

hegemonizm

yun. hegemonia – hökmranlıq

Hər hansı subyektin öz siyasətini, baxış və məqsədlərini digər subyektlərə qəbul etdirməsi; başqaları üzərində hökmranlığın bərqərar olunmasına yönəldilmiş siyasət.

H. insanlar, siyasi təşkilatlar, ictimai hərəkatlar, xalqlar, dövlətlər arasındakı münasibətlərdə özünü büruzə verə bilər. O, siyasi, ideoloji, iqtisadi, hərbi və s. vasitələrlə həyata keçirilir. H.-in əsasında insanların, habelə xalqların intellektual və mənəvi inkişaf baxımından qeyri-bərabərliyi barədə irqçilik ideyası durur. H. başqa xalqları və dövlətləri öz iradəsinə tabe etməyə çalışan faşist və diktatura rejimləri üçün daha xarakterikdir.

Tarix terminləri lüğəti

hegemonluq

yun. hegemonia – hökmranlıq

Birincilik, güc və maraqlar baxımından üstünlük, aparıcı rol.

Qədim zamanlarda bu termin yunan polislərinin ittifaqında ən güclü şəhər-dövləti digərlərindən fərqləndirmək üçün işlədilib. XIX əsrdən başlayaraq ondan tarixi ədəbiyyatda bir dövlətin digəri üzərində hökmranlığı anlamında istifadə edilir.

Tarix terminləri lüğəti

heraldika

lat. heraldica < heraldus – carçı

Gerblər, onların mənşəyi, yaradılması, üzərindəki təsvirlərin öyrənilməsi ilə məşğul olan köməkçi tarix fənni, gerbşünaslıq.

H.-nın kökləri orta əsrlərə gedib çıxır, lakin tarix fənni kimi o, XIX əsrin II yarısında formalaşıb.

Tarix terminləri lüğəti

hersoq

alm. herzog < heer – qoşun + ziehen – arxasınca aparmaq, dartıb aparmaq

Qədim germanlarda tayfa əyanları tərəfindən seçilən hərbi başçı.

Erkən orta əsrlərdə artıq böyük german tayfalarının irsi knyazlarına H. deyiblər. Feodal pərakəndəliyi dövründə isə iri torpaq sahibi H. adlanıb və o, feodal nərdivanında kraldan sonra ikinci pillədə dayanıb. Feodalizmin süqutundan sonra H. Fransa, İngiltərə, İspaniya və İtaliyada ali zadəgan tituluna çevrilib.

Tarix terminləri lüğəti