Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

torpağın profili

ital. profilo – zahiri görünüş

Torpağın səthindən ana süxura qədər şaquli kəsiyi.

T.P.-ndə torpaqəmələgətirmə prosesində formalaşmış horizontlar aydın görünür. Profilin qalınlığı dağlarda bir neçə santimetr, çöllərdə bir neçə desimetr, rütubətli meşələrdə 2-3 metr, bəzən daha artıq olur.

Coğrafiya terminləri lüğəti

torpağın radioaktivliyi

Tərkibində radioaktiv kimyəvi elementlərin olması nəticəsində torpağın şüalanma qabiliyyəti.

T.R. tərkibindəki uran, radium, torium və kaliumun radioaktiv izotoplarının miqdarından asılıdır. Turş xassəli torpaqlarda qələvi xassəli torpaqlara nisbətən, ağır mexaniki torpaqlarda yüngül mexaniki torpaqlara nisbətən, gillicəli, çimli-çəmən torpaqlarında torflu-bataqlıq torpaqlara nisbətən radioaktivlik yüksək olur.

Coğrafiya terminləri lüğəti

torpağın turşuluğu

Torpağın turşu reaksiyası vermək xüsusiyyəti.

T.T. laboratoriya, yaxud çöl şəraitində kimyəvi üsullarla müəyyənləşdirilir. Turşuluq dərəcəsi torpaq məhlulunda hidrogen ionlarının konsentrasiyasından asılı olur və pH-la işarə edilir. Əgər pH göstəricisi 6-7 arasındadırsa, torpaq – neytraldır. pH göstəricisi bundan aşağı olan torpaqlar turş torpaqlar, yuxarı olan torpaqlar qələvi torpaqlar adlanır. Turş torpaqlar, adətən, rütubətli iqlim şəraitində formalaşır (tundralar, meşə əraziləri və s.). Yüksək turşuluq bitki və mikroorqanizmlərin inkişafı üçün əlverişsiz şərait yaradır, ona görə də belə torpaqların turşuluğunu azaltmaq üçün ona əhəng qatırlar. Qələvi torpaqlar isə, əksinə, tərkibində kalsium duzlarının (əhəngin) çoxluğu və qələvi reaksiyasının üstünlüyü ilə səciyyələnir. Qələvi torpaqlar az münbit olur, bitkilərin və mikroorqanizmlərin inkişafını zəiflədir. Onların turşuluğunu artırmaq torf, peyin, müxtəlif gübrələr əlavə etməklə mümkündür.

Coğrafiya terminləri lüğəti

torpaq

Biosferin və atmosferin Yer qabığına təsiri ilə onun üst qatında formalaşmış məhsuldar lay.

T.-ın münbitliyi və bununla əlaqədar olan məhsuldarlığı onu dağ süxurlarından fərqləndirən başlıca əlamətdir. T. bərk hissəciklərdən, qismən maye (torpaq məhlulu) və qazlardan ibarətdir, onun əmələgəlməsi prosesində bir-biri ilə bağlı müxtəlif amillərin rolu var: süxurlar, iqlim, atmosfer hadisələri, bitki örtüyü, heyvanlar aləmi, məhəllin relyefi və s. Bu proses çox ləng gedir: 100 il ərzində Yerin T. qatı cəmi 0,5-2 sm qalınlaşır. Eyni müddətdə isə getdikcə daha böyük ərazilərdə T.-lar çirklənməyə məruz qalır. Ona görə də T.-ların mühafizəsi bütünlükdə təbiətin mühafizəsinin mühüm elementini təşkil edir.

See also:

Coğrafiya terminləri lüğəti

torpaq aerasiyası

yun. aer – hava

Torpaqdakı hava ilə atmosferdəki hava arasında mübadilə.

T.A. nəticəsində torpaqdakı hava oksigenlə zənginləşir, bu isə bitkilərin boy atması və inkişafı üçün zəruridir.

Coğrafiya terminləri lüğəti

torpaq coğrafiyası

yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm

Torpaqların coğrafi yayılmasının qanunauyğunluqlarını öyrənən elm sahəsi, torpaqşünaslığın bir bölməsi.

Bu elm sahəsi iki istiqamətdə inkişaf edir: ümumi və regional T.C. Ümumi T.C. torpaqəmələgətirən amilləri və torpaqların coğrafi yayılmasının ümumi qanunauyğunluqlarını araşdırır. Regional T.C. torpaq rayonlaşdırması ilə əlaqədar məsələlərlə və ayrı-ayrı sahələrin torpaq örtüyü ilə məşğul olur.

Coğrafiya terminləri lüğəti

torpaq eroziyası

lat. erosio – yuyulma, aşınma

Yer səthində, xüsusilə maili sahələrdə axar suların, buzlaqların, küləyin təsiri ilə torpaq örtüyü bütövlüyünün pozulması.

T.E. yan eroziyadərinlik eroziyası formasında baş verir, yarğan şəbəkəsinin yaranmasına, kənd təsərrüfatında istifadə üçün yararlı torpaqların azalmasına, digər mənfi nəticələrə səbəb olur.

Coğrafiya terminləri lüğəti

torpaq xəritələri

Yer səthində torpaqların yayılmasını, onların xassələrini və xüsusiyyətlərini əks etdirən xəritələr.

Məzmunundan asılı olaraq T.X.-ni ümumi, torpaq-meliorasiya, torpaq-eroziya xəritələrinə ayırırlar. Bu sintetik xəritələrdən başqa, analitik T.X. (kartoqramlar) da tərtib olunur. Onlarda torpaqların turşuluğu, duzluluğu, qranulometrik tərkibi və s. xassələri göstərilir.

Coğrafiya terminləri lüğəti

torpaq iqlimi

Torpağın çoxillik temperatur, rütubət və aerasiya rejimi.

T.İ. atmosfer iqlimindən, bitki örtüyündən, relyefdən, torpaqəmələgətirən süxurların xüsusiyyətlərindən, torpaq tipindən asılı olaraq, habelə insan fəaliyyətinin təsiri altında formalaşır.

Coğrafiya terminləri lüğəti