Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Punktuasiya
The author: Rafiq İsmayılov

Vergül (,)

 

Azərbaycan dilinə “vergül” sözü Avropa dilləri vasitəsilə latın dilindən gəlmişdir. Orta əsrlərdə yazıda vergül funksiyasını daşıyan şaquli və ya çəpəki xəttə (/) ingilis, fransız və bir sıra başqa dillərdə “virgule” deyirdilər. Latın dilində virga “budaq, çubuq”, virgula isə “durğu işarəsi” mənasını verir. Bu gün də bəzi Avropa dillərində müasir vergül işarəsinə (,) virgule deyilir, bəzilərində isə bu söz əvvəlki kimi çəpəki xətti – sləş işarəsini ifadə edir. Vergül işarəsinin özü isə, çox güman ki, ərəb dilindən gəlmişdir. Ərəb qrafikasında “vav” hərfi vergül işarəsinə bənzəyir: ﻭ. Bu dildə “və” bağlayıcısı həmin işarə ilə ifadə olunur. Məlumdur ki, bu bağlayıcı və vergül işarəsi cümlələrdə çox zaman bir-birini əvəz edir. Nəzərə alsaq ki, orta əsrlərdə Avropada ərəbdilli alimlərin əlyazmaları diqqətlə öyrənilir və çap olunurdu, müasir vergül işarəsinin ərəb qrafikasından gəldiyini güman etmək olar.

 

Vergülün işlənməsində üç məqama diqqət yetirmək lazım gəlir:

1) qrammatika: cümlənin quruluşu, sözlərin qrammatik funksiyası və s.;

2) intonasiya: cümlənin hissələri arasında pauza (fasilə);

3) semantika: sözlərin kontekstə görə kəsb etdiyi məna, cümlənin ikimənalılığı.

Birinci göstərici müəyyən (bəzən mübahisə doğuran) qrammatik biliklər tələb edir. İkinci göstərici isə kifayət qədər subyektiv, situativdir, ona görə də qeyri-müəyyəndir. Bundan əlavə, bəzən bu məqamlar ziddiyyət təşkil edir: qrammatik göstəriciyə görə vergül tələb olunduğu yerdə intonasiya vergül “istəmir” və əksinə. Ən etibarlı göstərici semantikadır, çünki vergülün əsas prinsipi də cümlənin düzgün anlaşılmasına kömək etməkdir.

Beləliklə, vergül punktuasiyada ən mürəkkəb və mübahisəli məqamlardan biridir. Amma bir qədər vaxt sərf edib vergülün mahiyyətinə varsaq, bir az da mühafizəkarlıqdan uzaqlaşıb qaydaları liberallaşdırsaq, bu məsələdə müəyyən bir nizam yaratmaq olar.

 

Ümumi qaydalar

 

Vergüllə bağlı üç qızıl qayda var ki, onlar mübahisə doğurmur, bir çox dillərdə tət­biq olunur. Bu qaydalara əməl etmək üçün dərin qrammatik biliklər tələb olunmur:

1. Sadalanan (həmcins) cümlə üzvləri arasında vergüldən istifadə olunur;

2. Mürəkkəb cümlənin komponentləri (tərkib hissələri) arasında vergül qoyulur;

3. Xitabı (müraciət olunan şəxsi bildirən söz və ya ifadəni) cümlə üzvlərindən ayırmaq üçün vergüldən istifadə olunur.

 

Bu qaydalara əməl etmək üçün, sadəcə, xitabı, həmcins cümlə üzvlərini fərqləndirmək, mürəkkəb cümləni komponentlərinə (sadə cümlələrə) ayırmaq bacarığı tələb olunur. Bununla belə, aşağıdakı şərhlərdə görəcəyik ki, bu qaydalarla bağlı da bəzən mürəkkəb məqamlar ortaya çıxır.

Vergülü “Qordi düyünü”nə çevirən digər üç qaydadır:

4. Cümlədə xüsusiləşən bəzi söz və ifadələr (ara söz, ara cümlə, qoşmalı xüsusiləşmələr) vergüllə ayrılır.

5. O, bu əvəzliklərinin mübtəda vəzifəsində olduğunu göstərmək üçün bu əvəzliklərdən sonra bir çox hallarda vergül qoyulur.

6. Cümlədə ikimənalılığı aradan qaldırmaq üçün bəzən vergülə ehtiyac yaranır ki, bu da xüsusi qaydalarla tənzimlənmir.

 

Terminlərlə zəngin olan bu qaydalar dilçilər üçün adi və aksiomatik səslənə bilər. Amma dilçi olmayanlar üçün onlar triqonometrik funksiya və ya nisbilik nəzəriyyəsindən sadə deyil. Onu da nəzərə almalıyıq ki, insan triqonometriya ilə gündəlik həyatda qarşılaşmır, yazı isə çoxları üçün gündəlik fəaliyyətin bir hissəsidir.

Dil daim inkişafdadır, onun qaydaları istisnalar və mübahisəli məqamlarla müşayiət olunur. Ona görə də aşağıdakı şərhlərdə “...müəllifin öhdəsinə buraxılır”, “...vergüldən istifadə sərbəstdir”, “...zəruri deyil” kimi ifadələrə rast gəlsəniz, təəccüblənməyin.

Deyildiyi kimi, vergülün işlənməsi bir çox hallarda qrammatik, xüsusilə sintaktik qaydalarla izah olunur. Ona görə də şərhlərdə bir sıra qrammatik kateqoriyaların da izahını vermək məcburiyyətindəyik.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.