Reklam
Reklam

Tarix terminləri lüğəti

yabqu

türk. yabyu

Qədim türk dövlətlərində, xüsusilə Oğuz dövlətində rütbə, ünvan.

Bir çox hallarda Y. termini hökmdar titulu mənasında işlənib; məs.: oğuzlar qurduqları ilk dövlətə Oğuz Yabquluğu adı veriblər və həmin dövlətin hökmdarlarının adının qarşısına Y. sözü əlavə olunub. Bu mənada Y. “xaqan” termini ilə eyni anlam daşısa da, onun kökləri daha qədimlərə gedib çıxır. Bəzi tədqiqatçıların fikrincə isə qədim türklərdə xaqandan sonra hakim sülalənin ikinci şəxsi Y. adlandırılıb və bu titulu əksər hallarda onun kiçik qardaşı daşıyıb. Mahmud Kaşğari isə Y.-nun xaqan və onun vəliəhdindən sonra dövlətdə üçüncü şəxs olduğunu göstərir.

Tarix terminləri lüğəti

yakobinçilər

fr. jakobins

Böyük Fransa inqilabı dövründə radikal sol siyasi klubun üzvləri.

Onlar müqəddəs Yakov monastırında toplaşdıqları üçün belə adlandırılıblar. Y.-in əsas liderləri M.Robespyer, J.P.Marat, J.Danton, A.Sen-Jüst olub. Jirondistlərə qarşı xalq üsyanına (31 may – 2 iyun, 1793) başçılıq edən Y. hakimiyyəti ələ keçirərək Yakobin diktaturasını yaradıblar. Onların hakimiyyətdə olduğu dövrdə aqrar məsələnin həlli üçün mühüm addımlar atılıb, bir çox feodal mükəlləfiyyətləri tamamilə və ya qismən ləğv edilib, qiymətlərin ən yüksək həddini müəyyənləşdirən maksimum qanunu qəbul olunub, əks-inqilabi qüvvələrə bir sıra ciddi zərbələr endirilib. Lakin Y.-in tətbiq etdiyi kütləvi terror və daxili parçalanma sonda diktaturanın süqutuna səbəb olub. Termidor çevrilişi (27–28 iyun, 1794) nəticəsində Y. hakimiyyəti itiriblər, M.Robespyer, A.Sen-Jüst, habelə Y.-in digər tanınmış rəhbərləri edam edilib.

Tarix terminləri lüğəti

yardar

Yardarlıq formasında torpaq icarəyə götürmüş icarəçi (kəndli, fermer).

Tarix terminləri lüğəti

yardarlıq

Torpaq icarəsinin formalarından biri.

Bu zaman icarəçi (yardar) torpaq mülkiyyətçisinə icarə haqqını məhsulla ödəyir. Feodalizmin dağılması və erkən kapitalist münasibətlərinin inkişafı mərhələsində geniş yayıldığı üçün bəzi tədqiqatçılar Y.-ı feodal torpaq icarəsindən kapitalist torpaq icarəsinə keçid forması sayırlar. Şərqin bir sıra ölkələrində, məsələn, Hindistanda Y. əsas icarə forması kimi mühüm rol oynayır. Azərbaycanda da XX əsrin əvvəlinədək mövcud olub.

Tarix terminləri lüğəti